Pandemiyaya qarşı peyvənd kimlərə vurulacaq 

11:53 17.12.2020 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Covid-19 virusu dünyada yayıldığı ilk zamanlar deyilirdi ki, peyvəndin hazırlanması bir neçə il çəkəcək. Təxminən, 10 ay sonra, yəni hal-hazırda ilk peyvəndlərin tətbiqinə başlanılıb. Hafta.az-ın bununla bağlı apardığı araşdırmanı sizə təqdim edirik.

İlk növbədə, investisiya analitiklərinin proqnozlarına görə, gələn il, "Moderna", "Pfizer" və "BioNTech" kimi şirkətlər vaksinlərdən milyonlarla dollar qazanacaq. "Airfinity" şirkətinin analitiklərinin fikrincə isə, dövlətlər  peyvənd üçün ümumilikdə 8.67 milyard dollar, qeyri-kommersiya təşkilatları isə təxminən 2 milyard dollar ödəyəcək.

Bildiyimiz kimi, Operativ Qərargahın dünən keçirilən brifinqində deyildi ki, ölkəmizdə peyvəndlər ödənişsiz olacaq. Bundan əlavə, ilk olaraq səhiyyə işçilərinə və 65 yaşdan yuxarı şəxslərə koronavirua qarşı vaksinlərin vurulması nəzərdə tutulur. Dünyada da bu təcrübədən istifadə edilir.

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlının sözlərinə görə, müxtəlif şirkətlər tərəfindən təklif olunan vaksinlər var. Vaksin seçimində bir neçə parametr önə çıxır. Biri saxlama şəraiti, digəri qoruyuculuq, effektivlik xüsusiyyəti, üçüncüsü isə təhlükəsizlikdir. Daha sonra o bildirib ki, hazırda mövcud olan 5 vaksində təhlükəsizliklə bağlı tədqiqatlar yekunlaşmaq üzrədir, digər iki element isə tam məlumdur:

“Bunlardan biri Almaniya və ABŞ-ın birgə hazırladığı “BioNTech/Pfizer” vaksinidir. Burada saxlanma şəraiti bir qədər çətindir, vaksin -70 dərəcədə saxlanılır və effektivliyi 95 faizdir. Digəri Rusiya Federasiyasında Gamaleya İnstitutunda hazırlanan “Sputnik V” vaksinidir. Bu vaksin -20 dərəcə temperaturda saxlanılmalıdır və onun da effektivliyinin 95 faiz olduğu söylənilir.  Hazır olan vaksinlərdən Çinin “Sinovac” şirkətinin hazırladığı “CoronaVac” vaksinidir. Bu vaksinin saxlama temperaturu sadədir, 2-8 dərəcə Selsidə 3 ilə qədər saxlamaq mümkündür. İlkin nəticələrə görə, bu vaksinin effektivliyinin 95-97 faiz olduğu bildirilir.

Bəs görəsən, yerli mütəxəssislərin vaksinlərlə bağlı düşüncələri nələrdir?! Koronavirus əleyhinə peyvəndlər məcburi, yoxsa könüllü olmalıdır?!

Yaranmış suallara aydınlıq gətirmək üçün tanınmış həkim-pediatr Vaqif Qarayev saytımıza danışır. O söyləyir ki, son 1 ildə COVID-19 virusu ilə bağlı çoxsaylı mülahizələr olub. Pandemiyanın qarşısını almaq üçün 2 çıxış yolu var. Birincisi, infeksiyanın spesifik dərmanı varsa o, digəri isə vaksindir.

Müalicə üçün konkret dərman yoxdur, bu zaman vaksindən istifadə zəruridir.

"Hazırda Çində, ABŞ-da və Almaniyada hazırlanan vaksinlər haqqında müsbət fikirlər söylənilir. Peyvəndlər müxtəlifdir. Bir var, orqanizmə xəstəliktörədicisi yeridilir, bu zaman immunitet daha davamlı olur, lakin əks-təsiri də kifayət qədərdir. Digər variantlar isə zəiflədilmiş və öldürülmüş törədicinin orqanizmə yeridilməsidir. Öldürülmüş törədicinin üstünlüyü ondadır ki, yan təsiri, demək olar ki, yoxdur. Təkcə koronada yox, uşaqlara vurulan başqa peyvəndlərdə də daha sonra qızdırma qalxa bilər. İnnaktiv vaksində bu tip əks-təsir gözləntisi olduqca aşağıdır".

Əhali bilməlidir ki, peyvənd eyni adama iki dəfə vurulmalıdır. İmmunitet yaranması üçün bu vacibdir. Hazırda bütün dünyada antivaksinator ordusu var. Belə yanlış düşüncələr minlərlə adamın həyatını təhlükəyə ata bilər:

"O günlərdə mən oxudum ki, Amerikada peyvənddən sonra kiminsə qızdırması qalxıb. Bununla da hamı başladı ki, vəssalam, peyvənd vurdurmayın. Onda sual ortaya çıxır: dərman yox, yoluxma sürətlə artır, heç kəs maska taxmaq istəmir, peyvəndə də qarşı çıxılır, bəs bu zaman nə etmək olar? Elm virusu mülahizələr əsasında deyil, real faktlar əsasında öyrənir və peyvəndi təqdim edir. İnsanları başa salmaq, maarifləndirmək lazımdır ki, vaksin olmasa, başımıza nələr gələ bilər. Əminəm ki, vaksindən sonra yoluxma zənciri qırılacaq. Elə Çinə nəzər salsaq görərik ki, bir il əvvəl burada vəziyyət kritik idi, indi 3-5 yoluxma var. Bu həm sərt tədbirlərin, həm də peyvəndlərin müsbət nəticəsidir. İndi Çin sözün əsil mənasında keyfdədir".

Hazırda ölkəmizdə yoluxma olduqca yüksəkdir. Evdə qeydiyyatdan keçmədən müalicə alan xeyli sayda xəstə mövcuddur. Mərhələ-mərhələ   peyvəndləməni həyata keçirmək lazımdır.

"Təbii ki, 10 milyon əhalini birdən peyvəndləmək qeyri-mümkündür. Risk qrupuna aid insanları - yaşı 60-dan yuxarı, şəkər, böyrək, qan-damar sistemi xəstəlikləri olan şəxsləri daha əvvəl vaksinasiya etmək lazımdır. Mənim fikrimcə, bizim kimi məsuliyyətsiz bir cəmiyyət üçün peyvənd məcburi olmalıdır. Düzdür, heç kəsə məcburi tibbi müdaxilə edilə bilməz, bu, insan haqlarına ziddir. Bir məsələ var ki, sənin haqqın başqa birinin ölümünə səbəb ola bilər. Mən dünən avtobuslara nəzər saldım, maskadan düzgün istifadə edilir, seyrəklik də yaranıb artıq. Bu da sərt karantin tətbiqindən irəli gəlir, lakin insanları ömürboyu evə qapatmaq mümkün deyildir. Mütləq buna bir çıxış yolu tapmaq lazımdır. Sərt karantinin həm iqtisadi, həm də psixoloji ziyanları var".

 Sonda mütəxəssis bir daha qeyd etdi ki, hazırkı vəziyyətdə vaksindən istifadə mütləqdir. Adi qızılca peyvəndində belə, bəzi hallarda əks-göstərişlər yaranır, bundan qorxmaq lazım deyildir.

Elə biz də əhalini mütəxəssislərin çağırışlarına əməl etməyə səsləyirik. Hər şey bizim sağlamlığımız üçün nəzərdə tutulub. Atılan bütün addımlar, qəbul olunan qərarlar sağlam gələcəyin təminatıdır.